İngiltərə premyer liqasının 2-ci turu London derbisi ilə əlamətdar olub. “Arsenal” və “Çelsi” komandaları “Emireyts” stadionunda qarşılaşıb. “Zadəganlar” görüşün taleyini 1-ci hissədə həll ediblər. 15-ci dəqiqədə “Çelsi”yə qayıdan Romelu Lukaku hesabı açıb. 35-ci dəqiqədə isə Ris Ceyms fərqlənib. “Arsenal” futbolçuları qalan vaxtda dönüş edə bilməyiblər. Beləliklə Tomas Tuxelin komandası 2-ci turda da qələbəyə sevinib.

“Sauthempton” – “Mançester Yunayted” matçında isə qalib müəyyənləşməyib. Yarım saatın tamamında Fredin avtoqolu meydan sahiblərinə üstünlük qazandırıb. İlk hissəni “müqəddəslər” minimal fərqlə irəlidə tamamlayıblar. Fasilədən sonra “qırmızı şeytanlar” tarazlığı bərpa ediblər. 55-ci dəqiqədə Meyson Qrinvud hesabı bərabərləşdirib. Bu, matçda sonuncu qol olub. “Sauthempton” – “Mançester Yunayted” 1:1.

“Vulverhempton” – “Tottenhem” oyununda yalnız 1 qol olub. 9-cu dəqiqədə fərqlənən Dele Alli “mahmızlar”ın qələbəsini təmin edib. Qeyd edək ki, İngiltərə premyer liqasında 2 turdan 6 xal toplayan “Çelsi”, “Liverpul”, “Brayton” və “tottenhem” komandaları irəlidə gedir.