UEFA Çempionlar Liqasının pley-ofunda “Benfika” PSV-ni qəbul edib. Meydan sahibləri 1-ci hissədə böyük üstünlük qazanıblar. 10-cu dəqiqədə Rafa Silva hesabı açıb. Fasiləyə yaxın Yulian Vayql fərqi artırıb. Beləliklə Lissabon futbolçuları ilk hissəni xeyirlərinə bitiriblər - 2:0. 2-ci yarının əvvəlində Eyndhoven klubu fərqi minimuma endirib. Kodi Qakponun zərbəsi qarşısıalınmaz olub. Qalan vaxtda daha çox PSV futbolçuları təhlükəli vəziyyətlər yaratsalar da, məğlubiyyətdən qurtula bilməyiblər. Bununla “Benfika” ilk oyunda 2:1 hesabilə qələbə qazanıb.

“Yanq Boyz” – “Ferentsvaroş” matçı daha məhsuldar alınıb. 14-cü dəqiqədə qonaqlar irəli keçiblər. Frank Boli hesabı açıb. Lakin çox keçmədən hesab bərabərləşib. Meşak Elia tarazlığı bərpa edib. 25-ci dəqiqədə İsveçrə klubu azlıqda qalıb. Silvan Hefti cərimə meydançasında kobudluğa görə meydandan uzaqlaşdırılıb. Mirto Uzuni təyin olunan penaltidən yararlana bilməyib. Qayıdan topu Kristofer Martins Pereyra qapıdan keçirsə də, qol qayda pozuntusuna görə qeydə alınmayıb. Fasiləyə kimi “Yanq Boyz” önə keçib. Meydan sahiblərindən Vensan Syerro fərqlənib. 2-ci yarıda komandalar hərəyə 1 qol vurub. 65-ci dəqiqədə Ulisses Qarsiya İsveçrə futbolçularının üstünlüyünü möhkəmlədib. 82-ci dəqiqədə “Ferensvaroş”un heyətində Frank Boli dubl edərək yekun nəticəni müəyyənləşdirib. Beləcə “Yanq Boyz” İsveçrədə keçirilən ilk oyunda 3:2 hesabilə qələbə qazanıb.

“Malmö” İsveçdə “Ludoqorets”i qəbul edib. Meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər. Velko Birmançeviç və Yo İnge Bergetin vurduğu qollar “Malmö”nün qələbəsini təmin edib. Qeyd edək ki, cavab görüşləri avqustun 24-nə təyin olunub.