Azərbaycan Premyer Liqasının birinci turunda “Qarabağ” Zirə Olimpiya Kompleksində yerli komandanın qonağı olub. Ağdam təmsilçisinin ardıcıl hücumları 18-ci dəqiqədə nəticə verib. Musa Qurbanlının ötürdüyü topu İsmayıl İbrahimli qapıdan keçirib. Qoldan sonra təşəbbüsü ələ alan Rəşad Sadığovun komandası tarazlığı bərpa edib. 50-ci dəqiqədə ağdamlıların yeni transferi Bəhlul Mustafazadənin Mohammed Hamdauiyə qarşı kobud oyunu penalti ilə nəticələnib. Təmkin Xəlilzadə fürsətdən lazımınca yaralanıb. “Zirə” – “Qarabağ” 1:1.

Çempion “Neftçi”də mövsümə xal itkisi ilə başlayıb. “Baksell” Arenada “Qəbələ” ilə üz-üzə gələn “ağ-qaralar” hesabı 55-ci dəqiqədə açıblar. Fəhmin Muradbəyli Yussuf Lavalın ötürdüyü topu qapıya vurmaqda çətinlik çəkməyib. 67-ci dəqiqədə bölgə təmsilçimiz tarazlığı bərpa edib. İsnik Alimi 11 metrlik zərbəni dəqiq yerinə yetirib. 10 dəqiqə sonra Samir Abasovun komandası yenidən irəli çıxıb. Standart vəziyyətdən ötürülən topu Voyislav Stankoviç başla qapıya vurub. İnamını itirməyən “Qəbələ” futbolçuları son dəqiqələrdə məğlubiyyətdən xilas olublar. Ülvi İskəndərov komandasına 1 xal qazandırıb. “Neftçi” – “Qəbələ” 2:2. Beləliklə, ilk turun nəticələrinə əsasən “Sumqayıt” və “Səbail” 3 xalla turnir cədvəlində zirvəni bölüşürlər. “Qəbələ”, “Neftçi”, “Qarabağ” və “Zirə” komandalarının aktivində hələlik 1 xal var. “Sabah” və “Keşlə” kollektivləri isə sonuncu pillədədirlər.