Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab görüşləri keçiriləcək.
Bununla da, pley-offa son 6 vəsiqənin sahibi müəyyənləşəcək. Onlardan biri də “Neftçi” ola bilər. Təbii ki, bunun üçün Hik səddini aşmaq lazımdır. Finlandiya çempionu ilk görüşdə Bakıda 2-2 hesablı heç-heçə edib. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq. Görüşün qalibi Avropa Liqasının pley-off mərhələsində qardaş ölkə Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşacaq. Futbolçularımız növbəti mərhələyə ümidlidir. Bunu Finlandiyada oyunöncəsi mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıran baş məşqçi Samir Abasov deyib: "Düşünürəm ki, iki fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik. HİK həm də əks hücumlara yaxşı çıxan komandadır. Birinci matçda bunun şahidi olduq. Rəqib bizə ilk oyunda problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq. Bunun bizim üçün nə qədər problem yaradacağını bilmirəm. Futbolçular özlərini yaxşı hiss edirlər. Komanda olaraq buraya niyə və hansı məqsədlər üçün gəldiyimizi bilirik. Səfərdən yaxşı nəticə ilə qayıtmaq istəyirik".
Qeyd edək ki, HİK – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşma “İdman TV”də canlı yayımlanacaq.