Azərbaycan çempionu “Neftçi”ni mübarizədən kənarlaşdıran “Olimpiakos” Çempionlar Liqasında pley-ofa çıxa bilməyib. Halbuki “Ludoqorets”lə Bolqarıstanda keçirilən cavab qarşılaşmasında Yunanıstan klubu ilk hissədə Yan Mvilanın vurduğu qol sayəsində üstünlük qazanıb. Fasilədən sonra meydanda daha gərgin və maraqlı mübarizə gedib. “Ludoqorets” qısa müddət ərzində hesabı xeyrinə dəyişib. 49-cu dəqiqədə “Olimpiakos”un müdafiəçisi Ruben Semedu avtoqol müəllifi olub. Az sonra Pyetros Sotiriu 2-ci qolu vurub. Amma hər necə olsa da, Yunanıstan futbolçuları hesabı bərabərləşdiriblər. Yussef El Arabi tarazlığı bərpa edib 2:2.

Pirey klubu qarşılaşmanı 10 nəfərlə tamamlayıb. Sona yaxın Usseynu  Ba qırmızı vərəqəylə cəzalanıb. İlk görüşdə də 1:1 hesabı qeydə alındığından yeni reqlamentə əsasən əlavə vaxt təyin olunub. Lakin komandalar yarım saatda fərqlənə bilməyib. Penalti seriyasında “Ludoqorets” futbolçuları daha inamlı təsir bağışlayaraq  pley-ofa vəsiqə qazanıblar. Onlar  qrup mərhələsinə çıxmaq üçün “Malmö” səddini keçməlidilər.