Rusiya çempionatının 3-cü turu Moskva derbisi ilə əlamətdar olub. “VTB Arena”da keçirilən qarşılaşmada “Dinamo” klubu ÇSKA-nı qonaq edib. Hesabın açılmasını çox gözləmək lazım gəlməyib. 8-ci dəqiqədə Çidera Ecuke meydan sahiblərini məyus edib. İlk hissədə “Dinamo” futbolçuları irəli atılsa da bu heç nə ilə nəticələnməyib. Fasilədən sonra da təşəbbüsü əldən verməyən meydan sahibləri 58-ci dəqiqədə hesabı bərabərləşdirmək üçün əla fürsət əldə ediblər. Danil Fomin penaltidən lazımınca yararlanıb. Çox keçmədən “Dinamo” futbolçuları hesabda fərq yaradıblar. İlk qolun müəllifi Fomin dubl edərək komandasına qələbə qazandırıb: “Dinamo” Moskva – ÇSKA Moskva 2:1.
Liderlər qrupunda qərarlaşan “Rubin” də 3-cü turu qələbə ilə yekunlaşdırıb. Kazan stadionunda “Axmat” Qrozni ilə qarşılaşan meydan sahibləri yarım saatın tamamında hesabda geri düşüblər. Danil Utkin ilk qolun müəllifi olub. Fasilədən sonra “Axmat” komandası sayca azlıqda qalıb. Qapıçı Qiorgi Şeliya birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. 5 dəqiqə sonra hesab bərabərləşib. Sead Hakşabanoviç komandasını ümidləndirib. Qarşılaşmanın sonlarında Qabriel Yanku avtoqol müəllifi olaraq “Rubin”in qələbə qazanmasına şərait yaradıb. “Rubin” – “Axmat” 2:1. 3 turdan sonra xallarının sayını 9-a çatdıran “Dinamo” “Zenit” və “Rubin” ilə birlikdə ilk üçlükdə qərarlaşıb.