Tokio olimpiadasının başlanmasına 9 gün qalıb.
Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax olimpiadanın təşkili ilə bağlı nikbin açıqlamalar verib. O, pandemiya şəraitində turnirin keçirilməsinə elə də müsbət yanaşmayan yaponiyalıların açılış mərasimindən sonra fikirlərini dəyişəcəyini vurğulayıb: “Narahatlığa heç bir əsas yoxdur. İdmançılar heç kimlə təmasda olmayacaq. Ona görə də hər hansı atletin yoluxma ehtimalı demək olar ki, sıfra bərabərdir. Olimpiya məşəli alovlananda hamı idmanın sehrini hiss edəcək. Dünyanın dördbir yanından olan ən güclü atletlər çıxışları ilə idman həvəskarlarının zövqünü oxşayacaq. Bundan sonra hamı olimpiadanı keçirməklə nə qədər düzgün qərar qəbul etdiyimizi anlayacaq”. Tomas Bax iyulun 21-i Fukusima şəhərini ziyarət edəcəyini deyib. Avqustun 7-si isə onun Sapporo şəhərinə gedəcəyi gözlənilir. Bu 2 şəhərdə təşkil olunan yarışlar azarkeşsiz keçiriləcək. Xatırladaq ki, yerli “Asahi” nəşrinin apardığı sorğuya əsasən Tokio əhalisinin 43 faizi Olimpiya oyunlarının ləğvini istəyir. 40 faiz isə dördilliyin zirvə yarışının təxirə salınmasının tərəfdarıdır. Tokio olimpiadasının açılış mərasimi iyulun 23-nə nəzərdə tutulub. Mötəbər yarış avqustun 8-dək davam edəcək.