La Liqanın qalibi olan “Atletiko” yeni mövsümdə də azarkeşlərini sevindirmək istəyir. Bu mənada Madrid klubu heyətini daha da gücləndirmək fikrindədir. Bir neçə gün öncə Braziliyanın “Fluminense” klubunun 20 yaşlı yarımmüdafiəçisi Markos Paulonu transfer edən “Atletiko” daha bir cənubi amerikalı oyunçunu heyətinə qatıb. Söhbət İtaliyanın “Udineze” klubunun 27 yaşlı yarımmüdafiəçisi Rodriqo De Pauldan gedir. Bir neçə gün öncə Argentina millisi ilə Amerika Kubokunun qalibi olan futbolçu ilə madridlilər 5 illik müqavilə imzalayıb. Onu transfer etmək üçün “Atletiko” 35 milyon avro ödəyib. Xatırladaq ki, De Paul 2016-cı ildən Udine klubunun heyətində çıxış edir. O, ötən mövsüm A Seriyasında keçirdiyi 36 oyunda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeri gəlmişkən, “Liverpul” “Atletiko”nun yarımmüdafiəçisi Saul Nigezdən əl çəkmir. Mersisayd klubu 26 yaşlı futbolçunu transfer etmək üçün “ağ-qırmızılar”a 40 milyon avro təklif etsə də, tərəflər razılığa gələ bilmir. Məsələ ondadır ki, “Atletiko” Saulu “Barselona”dakı sabiq oyunçusu Antuan Qrizmannla dəyişmək istəyir. Amma “Barsa” Fransa millisinin hücumçusundan imtina etmək fikrində deyil. Ötən mövsüm Suaresi Madrid klubuna belə desək, hədiyyə edən kataloniyalılar bu dəfə eyni səhvi təkrarlamaq istəmir.