Dövlət Sərhəd Xidmətinin (DSX) “Süvarilər” dəstəsinin təqdimatında Qarabağ atları “Royal Windsor Horse Show” adlı tədbirdə nümayiş etdirilib. Tədbirdə iştirak Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə baş tutub.
Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə “Xarı Bülbül” adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın Əməkdar artisti Nicat Kazımovun rejissorluq etdiyi proqramda Qarabağ atlarının belində nümunəvi hərəkətlər icra edən Dövlət Sərhəd Xidmətinin 14 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının Əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı və alov püskürən qrup iştirak edib.
Artıq 78 ildir təşkil olunan “Royal Windsor Horse Show” atçılıq tədbirinin ayrılmaz hissəsinə çevrilən Azərbaycan musiqisi, milli rəqsimiz və xüsusilə də milli atçılıq cinsi olan Qarabağ atları britaniyalılar tərəfindən hər zaman olduğu kimi böyük rəğbətlə qarşılanıb.
İyulun 4-dək davam edəcək tədbirlərdə Azərbaycan iştirakçılarının ümumilikdə dörd çıxışı nəzərdə tutulub.