Yaponiyanın “sports.nhk” telekanalı “Tokio-2020” Yay Olimpiya Oyunlarına qatılacaq azərbaycanlı idmançılara İşikava prefekturasının Şika şəhərində dəstək tədbirlərinə hazırlıqlarla bağlı süjet yayımlayıb.

Süjetdə Şika şəhəri ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Yaponiyanın bu şəhərində azərbaycanlı güləşçiləri xüsusən yaxşı tanıyırlar. 2019-cu ildə həmin şəhərə səfər edən azərbaycanlı güləşçilərin burada özlərinə çoxsaylı azarkeşlər qazandığı, yerli idmançılarla dostluq əlaqələri qurduğu qeyd edilir.

Telekanala müsahibə verən yerli idmançılar “Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində azərbaycanlı idmançıları böyük maraqla gözlədiklərini, onlarla birlikdə təlim-məşq toplantılarına xüsusi həvəslə qatılacaqlarını bildirirlər. İki il əvvəl Azərbaycan güləşçilərinin Şikaya səfərini yaxşı xatırladıqlarını, onların şəhərdə təşkil olunan festivala böyük məmnuniyyətlə qatıldıqlarını, bu zaman müxtəlif yarışlarda iştirak etdiklərini də bildiriblər. Həmin vaxt yerli kanala müsahibə verən idmançımızın bu səfərdən məmnunluğunu ifadə etdiyi sözlərinə yer verilib.

Süjetdə Şika şəhərinə gələcək Azərbaycanın paralimpiya və güləş komandaları üçün bütün hazırlıq işlərinin tamamlandığı da bildirilir. Şəhər xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənir. Yerli məktəblilərin yarışlar zamanı Azərbaycan komandasını dəstəkləmək üçün yaxşı hazırlaşdıqları da qeyd edilir. Azərbaycan paralimpiya komandasının üzvləri ilə “Skype” proqramı üzərindən təşkil edilən görüşdən hissələrə də süjetdə xüsusi yer verilir.

Süjet şikalı idmançıların Tokio Olimpiadasının təşkilat komitəsində çalışan həmyerlilərimiz Ziya və Çinarə Nurlar ailəsinin idmançılarımızı dəstəkləmək məqsədilə hazırladıqları videoçarxdakı “Azərbaycan, Azərbaycan, Azərbaycan!” ifadələri və alqışlarla başa çatır.