Azərbaycan Premyer Liqasında mövsüm yekunlaşdı. Son oyunda “Neftçi” “Dalğa Arena”da “Qarabağ”ı qəbul edib. Bu görüşə kimi turnir cədvəlində rəqibini 1 xal qabaqlayaraq lider olan Ağdam klubuna çempion olmaq üçün heç-heçə də kifayət edirdi. Paytaxt təmsilçisi isə mütləq qələbə qazanmalı idi. Görüş qarşılıqlı hücümlar şəraitinə keçib. Hər iki tərəfin fərqlənmək üçün bir neçə imkanı olsa da, fasiləyə kimi hesab açılmayıb. 2-ci hissənin  əvvəlində Xayme Romero diqqət mərkəzinə düşüb. Bu epziodda o cərimə meydançasında yıxılsa da, görüşün baş hakimi  Elçin Məsiyev qayda pozuntusu qeydə almayıb.

Az sonra Xayme Romero fərqlənməyə yaxın olub. Bu dəfə onun zərbəsindən sonra top qapı tirinə tuş gəlib. Oyunun sonunda isə “Neftçi”nin baş məşqçisi Samir Abasovun dəyişikliyi öz bəhrəsini verib. Ahmed Ahmedov meydanda daxil olandan 5 dəqiqə sonra fərqlənməklə “Neftçi”yə minimnal hesablı qələbə qazandırıb. Bununla da “Qarabağ”ı turnir cədvəlinmdə 2 xal qabaqlayan paytaxt klubu 8 ildən sonra Azərbaycan çempionu adını qazanıb. Tarixində 9-cu dəfə fəxri mükafata yiyələnən “Neftçi” bu göstəricidə “Qarabağ”ı geridə qoyaraq yeni rekord müəyyənləşdirib. “Ağ-qaralar” həm də “Qarabağ”ın ardıcıl 8-ci dəfə çempion olmasına imkan verməyiblər.

Son turun digər görüşlərinə gəldikdə, “Sumqayıt” “Səbail”ə minimal hesabla qalib gəlib. “Keşlə” “Qəbələ”ni 3:1, “Sabah” isə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Beləliklə “Neftçi”nin çempion olduğu mövsümdə “Qarabağ” gümüş, “Sumqayıt” isə bürünc medallara sahib çıxıb. Çempionatın bombardiri isə “Neftçi”nin futbolçusu Namiq Ələsgərov olub. O, 19 qolla 1-ci yeri tutub. “Qarabağ”ın forvardı Mahir Emreli ondan 1 top geri qalıb.