Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçı olacaq. Yarışın rekordçusu “Real” “Çelsi”ni qəbul edəcək. Uğursuzluğa düçar olan Super Liqanın təşəbbüskarlarının böyük qalmaqallardan sonra UEFA turnirində çıxışı maraqla gözlənilir. “Çelsi”yə rəhbərlik edən Tomas Tuxel mətbuat konfransında elə Superliqaya münasibət bildirib: “Hamı səhv edər. Bizim də superliqaya qoşulmağımız yanlış addım idi. Nöqsanlar həyatın bir hissəsidir. Hazırda hər şey qaydasındadır. Yarımfinalda bir-birinə rəqib olmağa layiq 2 komanda üz-üzə gələcək. Bizi əla matç gözləyir. Kollektivimizin böyük uğurlar qazanmaq üçün hər cür imkanı var. Futbolçulara inanıram. Ümid edirəm ki, ilk matçda sərfəli nəticə əldə edəcəyik”.
“Real”a rəhbərlik edən Zinəddin Zidan isə həm La liqada, həm də Çempionlar Liqasında iddialı olduqlarını vurğulayıb: “Hər hansı seçim etməyəcəyik. İspaniya çempionatında olduğu kimi UEFA Çempionlar Liqasında da ali mükafatı qazanmaq niyyətindəyik. Heç kimə sirr deyil ki, biz də bəzi məqamlarda çətinliklərlə üzləşirik. Amma təslim olmaq fikrimiz yoxdur. Vəziyyətdən asılı olmayaraq sona qədər mübarizə aparıb kuboku qazanmaq niyyətindəyik. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
“Real”ın heyətində Toni Kros, Lukas Vaskes, Serxio Ramos, Ferlan Mendi və Federiko Valverde kimi futbolçular zədəyə görə oynaya bilməyəcək. “Çelsi”də isə Mateo Kovaçiç eyni səbəbdən “Real”la matçda meydana çıxmayacaq. Madridin Alfredo Di Stefano stadionunda keçiriln “Real” – “Çelsi” görüşü Bakı vaxtilə saat 23:00-da başlanacaq.