İtaliya A Seriyasının 33-cü turunda yarış cədvəlinin lideri “İnter” Cuzeppe Meazza stadionunda “Verona” ilə üz-üzə gəlib. Gərgin keçən ilk hissədə tərəflər fərqlənə bilməyiblər. Fasilədən sonra təzyiqini artıran meydan sahibləri 76-cı dəqiqədə istəylərinə nail olublar. Əşrəf Hakiminin ötürməsindən sonra Matteo Darmian topu qapıya vurub: “İnter” – “Verona” 1:0.

Turun digər oyununda isə “Yuventus” səfərdə “Fiorentina” ilə görüşüb. Yarım saatın tamamında Duşan Vlahoviç “Fiorentina”nı hesabda önə keçirib. “Qoca sinyora” ikinci hissədə hesabı bərabərləşdirməyə nail olub. Alvaro Morata komandasını məğlubiyyətdən xilas edib: “Fiorentina” – “Yuventus” 1:1.

“Atalanta” isə doğma meydanda “Bolonya”ya böyük hesabla qalib gəlib. 22-ci dəqiqədə Ruslan Malinovski komandasının ilk qolunun müəllifi olub. İlk yarının sonlarında fərq artıb. Luis Muriel fərqlənib. İkinci hissənin başlamasından 4 dəqiqə sonra qonaqlar azlıqda qalıblar. Cerdi Sxauten birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Çox keçmədən Can Pyero Qasperinin komandası 2 dəqiqə ərzində 2 qol vurmaqla diqqət çəkib. Əvvəlcə Remo Floyler, ardınca isə Duvan Sapata “Bolonya”nı cəzalandırıb. 73-cü dəqiqədə Aleksey Mirançuk mübarizəyə nöqtə qoyub: “Atalanta” – “Bolonya” 5:0.