Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Günün maraqla gözlənilən qarşılaşmasında "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Qonaqların üstünlüyünə və ardıcıl hücumlarına baxmayaraq hesab açılmayıb. “Sumqayıt” sonadək qapısını toxunulmaz saxlayıb.
Yarımfinalın digər matçında isə “Keşlə” "Zirə"ni qəbul edib. Hesabı meydan sahibləri açıblar. Fasilə ərəfəsində Sadio Tounkara fərqlənib. İkinci yarıya qonaqlar daha fəal başlayıblar. "Zirə"nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. Qonaqlar 5 dəqiqə sonra daha bir qol vurublar. Bu dəfə Nemanya Ancelkoviç komandasını önə keçirib. Beləliklə, “Zirə” 2-1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 29-da olacaq.