İdman ictimaiyyətində son bir neçə günün ən aktual mövzusuna çevrilən səs-küylü Avropa Super Liqası layihəsi artıq formallığa çevrilməkdədir.
İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" komandalarının Super Liqanı tərk etmələrindən sonra bu layihənin yenidən nəzərdən keçirilməsi ön plana çıxıb. İddialara görə İspaniyanın "Atletiko" və "Barselona" komandalarının da turnirdən imtina etdikləri bildirilir. Hətta səhvini anlayan “Arsenal” rəhbərliyi rəsmi səhifələrində paylaşım edərək azarkeşlərindən üzr istəyib. Bəzi mənbələr bildirir ki, UEFA ingiltərə klublarına yarışdan çıxmaları üçün külli miqdarda pul təklif edib. İngiltərə mətbuatının yazdığına görə tərəflər mövcud şərtlər nəzərə alınaraq layihənin dəyişdirilməsi üçün yeni plan hazırlayacaqlar. UEFA prezidenti Aleksandr Çeferin məsələyə münasibət bildirib. O, klub rəhbərlərinin səhvlərini etiraf etməsindən məmnun olduğunu deyib.
Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid", “Barselona” və “Atletiko” Madrid, İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları bir araya gələrək yaradıblar. Turnirin prezidenti postuna isə “Real Madrid”in rəhbəri Florentino Perez seçilib.