İtaliya A Seriyasında 30-cu tur arxada qalıb. Lider “İnter” Matteo Darmianın vurduğu yeganə qol sayəsində “Kalyari”dən üstün olaraq yeni rekord müəyyənləşdirib. Antonio Kontenin komandası qələbə seriyasını 11-ə çatdıraraq A seriyasında mövsümün 2-ci yarısı belə bir nəticəyə nail olan ilk komanda kimi tarixə düşüb.

Bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan çempion “Yuventus” “Cenoa”nı qəbul edib. “Qoca sinyora” birinci hissədə rəqibi 2 dəfə cəzalandırıb. Deyan Kulusevski və Alvaro Morata diqqət mərkəzinə düşüb. Fasilədən sonra Canluka Skamakka fərqi azaltsa da, bu, qonaqlar üçün yalnız təsəlli olub. 70-ci dəqiqədə meydan sahiblərindən Ueston Makkenni rəqibi növbəti dəfə məyus edərək mübarizəyə nöqtə qoyub. “Yuventus” – “Cenoa” 3:1.

İlk 4-lük uğrunda yarışan daha bir komanda  - “Atalanta” da qalib gəlib. Can Pyero Qasperininin komandası səfərdə “Fiorentina”nı məğlubiyyətə uğradıb. Lakin bu qələbə qonaqlara heç də asan başa gəlməyib. “Atalanta”nın heyətində Duvan Sapatanın dubluna Florensiya klubundan Duşan Vlaxoviç cavab verib. 70-ci dəqiqədə Yosip İliçiç penaltini dəqiq yerinə yetirərək Berqamo futbolçularının qələbəsini təmin edib:  “Fiorentina” – “Atalanta” 2:3.

“Napoli” səfərdə “Sampdoriya”nın qapısından 2 cavabsız top keçirib. Fabian Ruiz 35, Viktor Osimhen 87-ci dəqiqədə rəqibin qapısına yol tapıb.

“Latsio” sona yaxın vurduğu qol sayəsində “Verona”nı məğlub edib. 2-ci hissəyə artırılan 2-ci dəqiqədə Sergey Milinkoviç Saviç paytaxt klubunun qəhrəmanına çevrilib.

30 oyundan 74 xal toplayan “İnter” zirvədədir. “Milan” 63 xalla 2-ci, 1 xal az toplayan “Yuventus” 3-cüdür.