İtaliya A seriyasında 3-cü turdan təxirə salınmış matçda “Yuventus” və ”Napoli” üz-üzə gəlib. Hesab 13-cü dəqiqədə açılıb. Federiko Kyezanın ötürməsini Kriştianu Ronaldu dəyərləndirib. Fasiləyə kimi başqa qol olmayıb. 73-cü dəqiqədə meydan sahibləri fərqi artırıblar. Paulo Dibala qapını dəqiq nişan alıb. “Napoli” futbolçuları vaxtın tamamında qollardan birinin əvəzini çıxıblar. Lorentso İnsinye penaltini dəqiq yerinə yetirib. Lakin neapollular bundan artığına nail ola bilməyiblər. “Yuventus” 2:1 hesabilə qalib gələrək rəqibinin 4 oyunluq qələbə seriyasına son qoyub. 

 28-ci turdan təxirə salınan görüşdə isə “İnter” və “Sassuolo”  komandaları qarşılaşıb. Bu oyunda da oxşar məzmun qeydə alınıb. 10-cu dəqiqədə Romelu Lukaku meydan sahiblərini önə keçirib. İlk hissə minimal hesabla başa çatıb. 2-ci yarıda Lautaro Martines qonaqları növbəti dəfə cəzalandırıb. “Sassuolo” vaxtın yekunlşmasına 5 dəqiqədə qalmış Hamed Traorenin vurduğu qolla ümidlənsə də, bu, qonaqlar üçün yalnız təsəlli olub:   İnter - Sassuolo 2:1. 

Antonio Kontenin komandası ardıcıl 10-cu qələbə sayəsində xallarının sayını 71-ə çatdıraraq çempionluğa daha da yaxınlaşıb. Liderdən 11 xal geri qalan “Milan” 2-ci, “Yuventus” 59 xalla 3-cüdür.