UEFA Çempionlar Liqasının ¼ finalında “Portu” “Çelsi” ilə qarşılaşacaq.

Oyun pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Sevilyanın "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək. Görüşə maraq böyükdür. Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaq. London təmsilçisində yeganə itki zədəli Nqolo Kantenin yoxluğudur. Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı isə sual altındadır. “Çelsi” 1/8 finalda “Atletiko”nu mübarizədən kənarlaşdırıb. “Portu” isə “Yuventus”a qalib gəlib. Komandalar bunadək çempionlar liqasında 8 dəfə qarşılaşıblar. Bunlardan 5-də İngiltərə təmsilçisi qələbə qazandığı halda, 2-də Portuqaliya futbolçuları seviniblər. 1 matçda isə qalib müəyyənləşməyib. Mətbuat konfransında “Portu”nun baş məşqçisi Serji Konseysau ehtiyatlı danışıb: “Oyuna tam hazırıq. Rəqib ciddi komandadır. “Çelsi” turnirin favoritlərindən biri sayılır. Belə komandaya qarşı oynamaq məsuliyyət tələb edir. Futbolçularımla söhbət etmişəm. Müdafiədə diqqətli olmağı tapşırmışam. Bir səhv bizə baha başa gələ bilər”.

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel isə qələbəyə iddialı olduqlarını bildirib: “Bizi fantastik oyun gözləyir. İstərdik ki, dolu tribunalar qarşısında oynayaq. Lakin, yenə də əlimizdən gələni edcəyik ki, baxımlı mübarizə ilə yadda qalaq. Sözsüz ki, “Yuventusa”a qalib gələn komandaya qarşı çıxış edəcəyik. Bu, bizim üçün çətin olsa da,sərfəli nəticə qazanacağımıza inanıram”.

Qeyd edək ki, “Portu” – “Çelsi” matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.