“Biz özümüzü Bakıda çox rahat hiss edirik. Çox gözəl şəhəriniz var. Burada yaxşı vaxt keçiririk”. Bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsinin III turunda Azərbaycanla keçiriləcək oyunla bağlı danışarkən deyib.
Qrupdakı ilk iki görüşündə 4 xal toplayan serblər sabah millimizin qonağı olacaq.
Matçın oynanılacağı Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Stoykoviç bu fikirləri səsləndirib: “Azərbaycanın Portuqaliya ilə oyununu izləmişik. Azərbaycan rəqiblə başabaş mübarizə apardı. Bu komanda hazır görünür. Ancaq biz də öz oyunumuza köklənmişik. Keyfiyyətli rəqibimiz var. Təzyiq altında təzyiq göstərməyi bacarırlar. Fiziki cəhətdən də yaxşı komandadır. Sabah başabaş mübarizə və Azərbaycanın bizə kifayət qədər çətinlik törədəcəyini gözləyirik”.