Martın 18-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalının ilk görüşləri keçirilib.
4 partiyadan ibarət birinci matçda norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Rusiyalı şahmatçı dünya çempionu üzərində 2,5:1,5 hesablı qələbə qazanıb. Yarımfinalın digər matçında amerikalı şahmatçı Uesli So niderlandlı Aniş Giri ilə mübarizə aparıb. Uesli So rəqibinə 1,5:2,5 hesabı ilə məğlub olub. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar. Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.