Çempionlar Liqasında mübarizəni dayandıran “Barselona” hazırda bütün diqqətini La Liqa və İspaniya kubokuna yönəldib. Amma Kataloniya klubunun əsas məqsədi növbəti mövsüm daha güclü çıxış etməkdir. Joan Laportanın klubun prezidenti seçilməsindən sonra komandada yüksək əhval-ruhiyyə hökm sürür. Artıq rəhbərlik yeni transferlər barədə düşünür.
Joan Laporta “Barselona”da prezident seçilməsindən sonra klub artıq növbəti mövsüm üçün planlar cızır. Təbii ki, ilk növbədə katalonlar Lionel Messini klubda saxlamağa çalışırlar. Laportanın yenidən “Barselona”ya qayıtması bu istiqamət üzrə ilk addım oldu. Çünki, Lionel “Barselona”da məhz Laportanın dövründə parlamağa başlamışdı. Amma uğur qazanmaq üçün tək Messinin “Nou Kamp”da qalması da kifayət etmir. Klub Çempionlar Liqasında öz əzəmətini geri qaytarmaq üçün ciddi transferlər həyata keçirməlidir. Luis Suaresin klubdan göndərilməsindən sonra işləri qaydasında getməyən “Barsa” hücum problemini yoluna qoymaq istəyir. İspaniya mətbuatının məlumatına görə, artıq klub “Mançester Siti”dən ayrılacağı gözlənilən Serxio Aqueroya rəsmi təklif göndərib. Amma məsələ heç də göründüyü qədər də sadə deyil. Kataloniyanın nüfuzlu “Sport” nəşrinin məlumatına görə, Joan Laporta Aqueronun transferində maraqlı olduğu halda, baş məşqçi Ronald Kuman rəhbərlikdən “Lion”un hücumçusu Memfis Depayın transferini tələb edir. Məsələ ondadır ki, Depay mövsümün əvvəlində “Barselona”ya keçə bilərdi. Amma klublar arasında ötən yay razılıq əldə olunmamışdı.
Madriddə nəşr olunan nüfuzlu “As” nəşri fərqli versiyanı oxucularının diqqətinə çatdırıb. Nəşrin yazdığına görə, “Barselona”nın yayda əsas hədəfi Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandı transfer etmək olacaq. 20 yaşlı norveçli hücumçunun xidmətində “Real Madrid” və “Çelsi” maraqlı olsa da, “Barselona” dortmundluların tələb etdiyi məbləği ödəməyə hazırdı. Nəzərə alaq ki, “Barsa”nın “Borussiya” ilə işbirliyi təcrübəsi var. Belə ki, Neymar PSJ-yə getdikdən sonra, katalonlar dortmundlulara 105 milyon avro ödəyərək Usman Dembeleni transfer etmişdi. Görünür, Almaniya komandası növbəti dəfə İspaniya təmsilçisinin sayəsində varlanmağa hazırlaşır. Əslində, buna varlanmaq yox, vəziyyətdən çıxış yolu tapmaq kimi xarakterizə etmək daha doğru olardı. Çünki, hazırda “Borussiya” maliyyə problemləri ilə üzləşib.