UEFA Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı müəyyənləşib.
Öz meydanında “Pari Sen Jermen”ə 1:4 hesabilə uduzan “Barselona” səfərdə rəqibini məğlub edə bilməyib. 28-ci dəqiqədə Kataloniya klubu uğursuzluğa düçar olub. Kleman Lanqlenin Paris klubunun hücumçusuna qarşı kobudluğuna görə qonaqların qapısına penalti təyin olunub. Kilian Mbappe hədəfdən yayınmayıb. Lakin paytaxt futbolçuların sevinci çox çəkməyib. Lionel Messinin vurduğu gözəl qol sayəsində tarazlıq bərpa olunub. İlk hissəyə artırılan dəqiqələrdə bu dəfə “Barselona” 11 metrlik zərbə yerinə yetirmək hüququ qazanıb. Lakin Messinin zərbəsindən sonra Keylor Navas qola imkan verməyib. Beləliklə birinci hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra komandaların bütün səyinə baxmayaraq qol olmayıb. 2 oyunun yekununda 5:2 hesabilə üstün olan “Pari Sen Jermen” 1/4 finala vəsiqə qazanıb.
İlk qarşılaşmada səfərdə Leyptsiq”i 2:0 hesabilə məğlub edən “Liverpul” karantin qaydalarına görə Budapeştdə keçirilən matçda da eyni hesabla qalib gəlib. Məhəmməd Salah və Dioqu Jotanın 2-ci hissədə fərqlənərək qırmızıların qələbəsini təmin edib.