Son illər qeyri-sabit çıxışı ilə yadda qalan “Marsel” müntəzəm olaraq baş məşqçilərini dəyişməklə diqqət çəkir. Klub növbəti də öz ənənəsinə sadiq qalıb.
“Marsel” yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli Fransa təmsilçisi ilə 2023-cü ilə qədər müqavilə imzalayıb. 2017-ci ildə “Sevilya”dan istefaya göndərilən təcrübəli mütəxəssis bu müddət ərzində Avropadan heç bir klubu çalışdırmamışdı. O, 2018-ci ildə dünya çempionatında Argentina millisinin baş məşqçisi olduqdan sonra Braziliyada “Santos” və “Atletiko Mineyro” komandalarında işləmişdi. Xatırladaq ki, bir neçə həftə əvvəl “Marsel”in azarkeşlərinin təzyiqi nəticəsində komandanın portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş istefaya göndərilmişdi. Bununla kifayətlənməyən fanatlar klub prezidentinin də istefasına nail olmuşdu. Hazırda “Marsel” Liqa 1-də 8-ci pillədə qərarlaşıb.