UEFA Avropa Liqasının 1/16 finalında “Qranada” “Napoli”ni qəbul edib. Oyuna meydan sahibləri daha yaxşı başlayıblar. İlk hissədə 2 qol vurulub. İspaniya təmsilçisindən Yanhel Erreira hesabı açıb. Çox keçmədən fərq artıb. Bu dəfə Kenedi diqqət mərkəzinə düşüb. 2 cavabsız qolla qalib gələn “Qranada” cavab matçına sərfəli nəticə ilə çıxacaq.
İspaniyanın digər təmsilçisi “Vilyarreal” isə “Zalsburq”la qarşılaşıb. “Qarabağ”ın qrup mərhələsindəki rəqibi eyni hesabla qələbə qazanıb. 41-ci dəqiqədə Pako Alkaser hesabı açıb. İkinci yarıda da təzyiqi azaltmayan qonaqlar rəqiblərini yenidən məyus ediblər. Fer Nino mübarizəyə nöqtə qoyub. “Vilyarreal” 2 cavabsız qolla qələbə qazanıb.
Maraqla gözlənilən görüşlərdən biri də Fransada keçirilib. Söhbət “Lill” - “Ayaks” matçından gedir. İlk hissədə komandalar qapılarını toxunulmaz saxlayıblar. İkinci yarıda nisbətən üstünlüyünü artıran meydan sahibləri 72-ci dəqiqədə fərqləniblər. Timoti Vea hesabı açıb. Ruhdan düşməyən qonaqlar əzmkar oyunla qalib gəliblər. Matçıən sonlarında Duşan Tadiç penaltini dəqiq yerinə yetirib. Daha sonra Brayan Brobbi rəqib qapısına yol tapıb: “Lill” – “Ayaks” 1-2.