Sloveniyanın Poklyuka məntəqəsində biatlon üzrə dünya çempionatının 5-ci günü geridə qalıb.

Dünən çempionatda ilk dəfə olaraq bir gündə iki yarış keçirilib. 12,5 km məsafəyə kişilərin izləmə yarışında fransalı Emilyen Jaklen qalib gəlib. O, heç bir hədəfdən yayınmayaraq finiş xəttini 31 dəqiqə 22 saniyəyə keçib. Xatırladaq ki, Jaklen ötən il İtaliyada keçirilən dünya çempionatında bu yarış da daxil olmaqla iki qızıl medal qazanmışdı. Liderdən 7 saniyə geridə qalan isveçli Sebastyan Samuelson gümüş medala sahib çıxıbsa, olimpiya və 11 qat dünya çempionu norveçli Yohannes Bö üçüncü olub.
Qadınların 10 km məsafəyə izləmə yarışında isə olimpiya çempionu norveçli Tiril Ekhoff heç bir rəqibinə şans verməyib. O, cəmi iki dəfə hədəfdən yayındıqdan sonra finiş xəttini 30 dəqiqə 30 saniyəyə keçib. Xatırladaq ki, Ehkoff estafet və 10 km məsafəyə sprint yarışında da qızıl medal qazanıb. O, bu göstəricidə çempionatın lideridir. Bu yarışda isə Ekhoffdan 17 saniyə geridə qalan avstriyalı Liza Tereza Hauzer 2-ci, fransalı Anais Şevalye 3-cü olub.