İtaliya kubokunda “Yuventus”un finalda rəqibinin adına aydınlıq gəlib.

Həlledici görüşə digər vəsiqə “Atalanta” – “Napoli” matçında müəyyənləşib. Neapolda keçirilən ilk qarşılaşmada qapılara top vurulmasa da, təkrar oyun məhsuldar alınıb. İlk dəqiqələrdən güclü hücumlar təşkil edən meydan sahibləri 10-cu dəqiqədə istəylərinə çatıblar. Duvan Sapata gözəl zərbəylə hesabı açıb. 6 dəqiqə sonra kolumbiyalı hücumçu yenidən diqqət mərkəzinə düşüb. Onun ötürməsindən sonra Matteo Pessina fərqi artırıb. Beləcə “Atalanta” ilk hissəni 2:0 hesabilə öndə tamamlayıb. Fasilədən dərhal sonra “Napoli” futbolçuları qollardan birinin əvəzini çıxıblar. İrvinq Losano fürsəti qaçırmayıb. Amma neapollular bundan artığına nail ola bilməyiblər. 78-ci dəqiqədə rəqib futbolçulardan məharətlə yayınan Pessina dubl edərək mübarizəyə nöqtə qoyub: “Atalanta” – “Napoli” 3:1.

Beləliklə Can Pyero Qasperininin komandası 2 illik fasilədən sonra yenidən İtaliya kubokunun finalına çıxıb. “Yuventus”la həlledici oyun mayın 19-u keçiriləcək.