Ingiltiərə Federasiya Kubokunun 1/8 finalında “Mançetser Siti” Çempionşipdə mübarizə aparan “Suonsi”nin qonağı olub. Oyuna gözlənildiyi kimi Qvardiolanın komandası daha fəal başlayıb. İlk hissədə Kayl Uolker hesabı açıb. İkinci yarının əvvəllərində “şəhərlilər” daha 2 qol vurublar. Rahim Sterlinq və Qabriel Jezus fərqlənib. Meydan sahiblərinin gücü isə Moran Uittakerin təsəlli qoluna çatıb. 3-1 hesabı ilə qələbə qazanan “Mançester Siti” ¼ finala yüksəlib.

“Lester” – “Brayton” matçın taleyini 1 qol həll edib. Meydan sahibləri son dəqiqələrdə fərqləniblər. Keleçi İhenaço komandasını növbəti mərhələyə daşıyıb.

“Everton” – “Tottenhem” görüşü isə məhsuldarlığı ilə diqqət çəkib. Maraqlıdır ki, oyunun əsas vaxtında 8 qol vurulsa da, qalib müəyyənləşməyib. Qonaqlardan Davinson Sançes dubl etdiyi halda, Erik Lamela ilə Harri Keyn hərəyə bir dəfə fərqlənib. Meydan sahiblərindən isə Dominik Kalvert-Lüin və Qilfi Siqurdson hərəyə 1, Rişarlison 2 qolla yadda qalıb - 4:4. Əlavə hissələrdə “Everton” daha dəqiq olub. Bernard komandasına qələbə gətirən qolun müəllifi olub. Beləliklə, Everton “Tottenhem”i mübarizədən kənarlaşdırıb.