“Napoli” - “Parma” matçında hesab 32-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Elif Elmas fərdi reydini dəqiq zərbəylə tamamlayıb. Cennaro Qattuzonun komandası ilk hissəni minimal hesabla xeyrinə bitirib. “Napoli” futbolçuları fasilədən sonra daha bir qol vurublar. Vaxtın bitməsinə 8 dəqiqə qalmış Matteo Politano diqqət mərkəzinə düşüb. Onun zərbəsindən sonra Yordan Osorioya da dəyən top qapıya daxil olub. Beləliklə “Napoli” öz meydanında “Parma”nı 2:0 hesabilə məğlub edərək xallarının sayını 37-ə çatdırıb. Bununla Neapol klubu 6-cı yerdən 5-ci pilləyə yüksəlib. “Parma” isə 13 xalla 19-cudur.
20-ci turun diqqətçəkən oyunlarından biri Berqamo şəhərində keçirilib. Orada “Atalanta” “Latsio”nu qəbul edib. Roma təmsilçisi kubok yarışının ¼ finalında rəqibinə 2:3 hesabilə uduzsa da, A seriyasında uğurlu nəticə qazanıb. Qarşılaşma məhsuldarlığı ilə əlamətdar olub. Artıq 3-cü dəqiqədə Adam Maruşiçin mükəmməl zərbəsi sayəsində “Latsio” irəli çıxıb. Digər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Xoakin Korrea qolkiper Pyerluici Qollini ilə dueldə qalib gəlib - 2:0. 79-cu dəqiqədə meydan sahiblərindən Mario Paşaliç fərqi azaldaraq “Atalanta”nı ümidləndirib. Amma berqamoluların qol sevinci çox çəkməyib. 82-ci dəqiqədə Vedat Murigi “Latsio”ya 3:1 hesablı qələbə qazandıran qolun müəllifi olub. 5 oyundur qalib gələn paytaxt futbolçuları yarış cədvəlində “Atalanta”nı arxada qoyaraq 5-ci sıraya yüksəliblər. Hazırda “Milan” 46 xalla liderdir. “İnter” 44 xalla 2-ci, “Roma” 40 xalla 3-cüdür.