İngiltərə Premyer Liqasının 21-ci turunda “Çelsi” “Börnli”ni qəbul edib. Meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər. Hesabı Sezar Aspilikueta açıb. Son dəqiqələrdə isə Markos Alonso yekun nəticəni müəyyənləşdirib. Qələbə qazanan “Çelsi” 33 xalla 7-cidir.

“Vest Hem”in qonağı olan “Liverpul” gözlənildiyi kimi oyuna daha fəal başlayıb. İlk hissədə qol vurulmayıb. Ikinci yarıda Məhəmməd Salah heabı açıb. Çox keçmədən misirli futbolçu dubl edib. Son dəqiqələrdə daha 2 qol vurulub. Corcinyo Veynaldum fərqi 3 topa çatdırıb. Meydan sahiblərindən isə Kreyq Dousonun qolu təsəllidən başqa bir işə yaramayıb. 3:1 hesabı ilə rəqibindən üstün olan “Liverpul” 40 xalla 3-cüdür.

“Lester” – “Lids” görüşündə də eyni sayda qol vurulub. Hesabı meydan sahiblərindən Harvi Barns açsa da, qonaqlar əzmkar oyun nümayiş etdiriblər. “Lids”in heyətindən Stüart Dallas, Patrik Bemford və Cek Harrison fərqlənib. 1:3 hesabı ilə məğlub olan “Lester” 39 xalla 4-cüdür.

Daha bir qarşılaşmada isə “Brayton” “Tottenhem”lə üz-üzə gəlib. Joze Mourinyonun komandası minimal hesabla məğlub olub. Oyunda yeganə qolu Leandro Trossard vurub. “Tottenhem” məğlub olmasına baxmayaraq 33 xalla 6-cı pillədəki mövqeyini qoruyub. Yarış cədvəlinə 44 xalı olan “Mançester Siti” başçılıq edir.