“İdman TV”nin fəaliyyətə başlamasından 12 il ötür. Telekomandamız ilk günlərdən ölkəmizin idman siyasətini layiqincə təbliğ etməyə çalışır. Yeniyetmə və gənclərimizin cəmiyyətin fəal üzvünə çevrilməsi, onların vətənpərvər övlad, əsl vətəndaş kimi yetişməsinə nail olmaq ümdə məqsədlərimizdəndir. İllər keçsə də, bu məramımız nəinki dəyişməyib, əksinə, daha da təkmilləşib.

“İdman kimi Azərbaycanın müstəqillik rəmzlərini əks etdirən ikinci vasitə yoxdur!” Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu sözlərin mahiyyəti, onların məna yükü ölkədə ayrıca idman kanalının yaradılmasının zəruriliyini göstərirdi. Bu ictimai sifarişin reallaşması idmanın tərəqqisinə, onun uğurlu təbliğinə, habelə böyüməkdə olan nəslin sağlam həyat tərzinə cəlb olunmasına güclü təkan olardı. Bunun məntiqi nəticəsi olaraq prezident İlham Əliyev idman kanalının yaradılmasına dair sərəncam verdi. Test yayımı ilə efirə çıxan telekanal 2009-cu il fevralın 1-də rəsmən fəaliyyətə başladı.

Fəaliyyətimiz dövründə müxtəlif növlər üzrə dünya, Avropa çempionatları, olimpiya təsnifat turnirləri, yüksək kateqoriyalı beynəlxalq yarışlar “İdman TV” ilə yayımlanıb. Onların sayı yüzlərlə, bəlkə minlərlədir. Amma, təbii ki, Yay Olimpiya Oyunları, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, futbol üzrə dünya çempionatı, UEFA Çempionlar Liqası, Avropa Liqası və bu kimi çoxsaylı mötəbər turnirlər xüsusi çəkiyə malikdir.

“İdman TV”nin verilişlərində müasir telejurnalistikanın müxtəlif yaradıcılıq üsulları tətbiq olunur. Gün ərzində 5 buraxılışı olan “İdman Xəbər” informasiya proqramının da əsas prinsipi məlumat genişliyi, operativ və dəqiqlikdir. Pandemiya səbəbindən 2020-ci ildə az qala bütün idman yarışları ya təxirə salındı, ya da ləğv edildi, dünya idmanı sükuta qərq oldu. Ancaq İdman TV-nin yaradıcı heyəti bu çətin durmda vəziyyətdən uğurlu çıxış yolu tapdı, zamanın nəbzini tutan mövsümi verilişlər hazırladı.

İdman TV kollektivi Vətən müharibəsi dövründə də üzərinə düşən məsuliyyəti lazımınca dərk edərək tarixi missiyanı ləyaqətlə yerinə yetirməyə səy göstərdi. Həftədə iki dəfə canlı efirə gedən “Qarabağ Azərbaycandır” verilişində, həmçinin xəbərlər proqramında cəbhədə baş verənlər, idmançı əsgərlərimizin şücaəti, qəhrəmanlığı dolğun şəkildə əksini tapdı. Müharibə iştirakçıları, şəhidlərimiz barədə sənədli xronikal film-esselər də tamaşaçı rəğbəti qazandı.

Hazırda bütün Azərbaycana yayımlanan İdman TV 2015-ci il oktyabrın 12-dən isə fasiləsiz, yəni, 24 saatlıq iş rejiminə keçib. Bu da verilişlərin illik həcminin 6 min saatdan 9 min saata çatdırılması deməkdir.

Qarşıda isə böyük yarışlardan saysız-hesabsız birbaşa yayımlar, telereportajlar var, istəkli dostlar. Bu yerdə 4 oyununun Bakıda təşkil olunacağı futbol üzrə Avropa çempionatını, həmçinin bu il reallaşacağı gözlənilən Tokio olimpiadasını xüsusi vurğulamaq lazım gəlir. Azərbaycan idmançılarının gündoğar ölkədə uğurlu çıxış edəcəyinə, tarixi nailiyyətlər qazanacağına şübhə etmirik və missiyasına sadiq qalan İdman TV-nin hədəfi bütün bunların ayrılmaz hissəsi olmaqdır.