Türkiyə super liqasında 17-ci tur başlanıb. Yarış cədvəlində lider dəyişib. “Qaziantep” qələbə qazanaraq zirvəyə qalxıb. Bir müddət əvvəl lider mövqeyini itirən “Qalatasaray” isə növbəti dəfə uğursuzluğa düçar olub. 

17-ci turda “Konyaspor”un qonağı olan Qalatasaray ilk pilləyə yüksəlmək imkanından yararlana bilməyib. Hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Erdon Datsi fərqlənib. Lakin fasiləyə kimi tarazlıq bərpa olunub. Mbaye Dian hesabı bərabərləşdirib. Fasilədən sonra meydanda daha gərgin və maraqlı mübarizə gedib. 2-ci yarının əvvəlində Datsi dubl edərək hesabı yenidən “Konyaspor”un xeyrinə dəyişib. Lakin bundan sonra ilk hissədəki məzmun təkrarlanıb. 77-ci dəqiqədə qonaqlardaN Dian bu dəfə penaltini dəqiq yerinə yetirərək özünün və komandasının 2-ci qolunu vurub. 1 dəqiqə sonra Konya klubunun baş məşqçisi İsmayıl Kartal kəskin etirazlara görə texniki zonadan uzaqlaşdırılsa da, meydan sahibləri tezliklə üstünlük qazanlblar. 82-ci dəqiqədə Uğur Demirok 11 metrlik zərbəni dəqiq yerinə yetirərək konyalıları irəli keçirib. 2-ci hissəyə artırılan 2-ci dəqiqədə isə Artyom Kravets fərqi artırıb. Az sonra Oğulcan Çağlayanın vurduğu qol isə heç nəyi dəyişməyib. “Konyaspor” “Qalatasaray”ı 4-3 hesabilə məğlub edərək, “sarı-qırmızılılar”ın liderliyə yüksəlməsinə mane olub. 

Qalatasarayın yararlana bilmədiyi fürsətdən Qaziantep lazımınca istifadə edib, çempionatın sürpriz komandası “Ankatagücü”ndən üstün olub. Qollar 2-ci hissədə vurulub. 69-cu dəqiqədə Aleksandru Maksim hesabı açıb. Əlavə olunan 5-ci dəqiqədə isə Enver Cenk şahin mübarizəyə nöqtə qoyub. Beləliklə “Qaziantep” 2-0 hesabilə qalib gələrək liderliyə yiyəlınib. Komandanın hesabında 31 xal var. Eyni miqdarda xal toplayan “Beşiktaş” 2-cidir. 30 xalı olan “Alanyaspor” və “Qalatasaray” isə 3-cü, 4-cü yerlərdə gedirlər.