“Reysinq Point”dən ayrılan Serxio Peresi heyətinə cəlb etdikdən sonra “Red Bull” Aleksander Albonun xidmətindən imtina etmək qərarına gəldi. Amma Avstriya komandası tailandlı pilotun işsiz qalmasını da istəmir. Artıq onun üçün komanda axtarışına başlanılıb.

“Red Bull”un məsləhətçisi Helmut Marko Aleksander Albonu başqa komandaya icarəyə verməyə hazır olduqlarını söyləyib. Avstriyalı avtoidman funksioneri pilotlarının mübarizədən kənarda görmək istəmir: “Albonu başqa komandaya icarəyə verməyə hazırıq. Təbii ki, bunun üçün əsas rəqiblərimizin qısa zaman kəsiyində pilota ehtiyacı olmalıdır. Belə olan halda, onların təkliflərini dinləyə bilərik. Amma ümumilikdə götürsək, təklif olmasa, Albon testlərdə yox, əlavə mərhələlərdə “Red Bull”u təmsil edəcək”.
Xatırladaq ki, Albon bu mövsüm heç bir təsnifat mərhələsində komanda yoldaşı Ferstappeni geridə qoya bilməyib. Aleksander mövsümün yekunlarına əsasən, 105 xal toplayaraq 7-ci yeri tutub. Ferstappen isə 214 xalla üçüncü yerə çıxıb. Mövsüm başa çatan kimi, “Red Bull” rəhbərliyi Albonun yerinə “Reysinq Point”dən ayrılan Serxio Peresi heyətinə cəlb edib.