Premyer Liqada qış fasiləsinə 5-ci pillədə yollanan “Qəbələ” heyətini genişləndirmək niyyətindədir.
Bölgə təmsilçisi hazırda iki təcrübəli futbolçu ilə danışıq aparır. Bunlar vaxtilə ölkə xaricində oynayan Nurlan Novruzov və Amit Quluzadədir. Estoniyanın “Narva” klubundan noyabrda ayrılan Novruzov hazırda azad agent statusu daşıdığından, onun keçidində hər hansı problem yoxdur. Quluzadə isə Moldovada legioner həyatı yaşayır. Lakin oktyabrdan bəri heyətə düşə bilməyən Amit də oranı tərk etmək niyyətindədir. Əgər adıçəkilən futbolçularla razılıq əldə olunsa, onlar yeni ildən “Qəbələ”nin uğurları üçün çalışacaqlar.
Bu arada “Qəbələ”nin qış hazırlıq planı da müəyyənləşib. Klubun rəsmi saytının məlumatına görə, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək. Bakıda hazırlaşacaq komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.