“Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi Rocer Federer Avstraliya Açıq tennis turnirində iştirak etməyəcək.
Bu barədə isveçrəli raketka ustasının agenti Toni Qodsik məlumat verib. Onun sözlərinə görə, Rocer bərpa kursu keçdikdən sonra məşqlərə başlasa da, fiziki cəhətdən hələ də özünü hazır hesab etmir. Komandası ilə məsləhətləşmədən sonra Rocer istirahət müddətini uzatmaq qərarına gəlib. Federerin fevralın sonlarında keçiriləcək turnirlərə qatılmaq fikri var. “Australian Open”in isə startı isə fevralın 8-nə planlaşdırılır. Xatırladaq ki, 39 yaşlı tennisçi “Australian Open”də sonuncu dəfə 1998-ci ildə iştirak etməyib. Amma həmin vaxt Rocer yeniyetmələrin yarışlarında mübarizə aparırdı. 1999-cu ildə turnirin təsnifat mərhələsində mübarizə aparan isveçrəli 2000-ci ildən artıq əsas mərhələ oyunları üçün korta çıxmağa başladı. Onu da qeyd edək ki, Federer ötən mövsüm “Böyük Dəbilqə” seriyalı turnirlər arasında yalnız “Australian Open”də iştirak etmişdi.