Formula 1-də mövsüm başa çatsa da, bəzi komandalar hələ də istirahət etmək fikrində deyil. Növbəti il iddiasını artırmaq istəyən komandalar pilot axtarışı ilə məşğuldur. Bu mənada “Red Bull”u xüsusi fərqləndirmək olar.
“Reysinq Point” pilotu Serxio Peres növbəti mövsümdən karyerasını “Red Bull”da davam etdirə bilər. Avropa mətbuatının məlumatına görə, artıq Avstriya komandası ilə meksikalı pilot müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Sadəcə, tərəflər hələ ki yekun sənədə imza atmayıb. Xatırladaq ki, Peres Əbu-Dabi Qran-prisində sonuncu dəfə “Reysinq Point” bolidinin sükanı arxasında əyləşdi. Əslində mövsümün əvvəlində bunun baş verəcəyini gözləməyə dəyməszdi. Sadəcə, “Ferrari” ilə vidalaşan Sebastyan Fettelin bu komanda anlaşması nəticəsində rəhbərlik Pereslə əməkdaşlığa son vermək qərarına gəldi. Pereslə müqavilə imzalanacağı halda, Aleksander Albon “Red Bull”dakə yerini itirəcək. Onsuz da bu gözlənilirdi. Belə ki, Tailand əsilli britaniyalı pilot nə komanda yoldaşı Maks Ferstappenlə rəqabət apara bilir, nə də ki “Red Bull” tələblərinə cavab verirdi. Hərçənd, bir müddət öncə Albonun yerinə Niko Hyulkenberqin keçəcəyi haqda söhbətlər dolaşırdı. Hətta “Red Bull”un “Uilyams” pilotu Corc Rassellə göz qoyduğu haqda da xəbərlər yayılmışdı. Görünür Saxir Qran-prisində Serxio Peresin finiş xəttini birinci keçməsi Avstriya komandasının rəhbərliyini fikrindən döndərib.