“Qarabağ” Avropa Liqasında koronavirusa və zədəyə görə heyət problemi yaşadığı üçün sonuncu turda “Vilyarreal”la görüşə çıxmayıb. Qrupumuzda mübarizə aparan digər komandalar “Makkabi Təl Əviv”lə “Sivasspor” qarşılaşıb. “Milan”, “Tottenhem” və “Lester” son turda qalib gəliblər.
“Qarabağ”la eyni qrupda mübarizə aparan “Makkabi Təl Əviv” və “Sivasspor” üz-üzə gəlib. israildə keçirilən oyunda 1 qol vurulub. Meydan sahiblərindən Enrik Saborit fərqlənib. Qələbə qazanan “Makkabi Təl Əviv” pley-offa vəsiqə qazanıb.
Praqa “Sparta”sı doğma meydanda “Milan”la qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. Qonaqlardan Yens Peter Hauqe komandasına qələbə qazandırıb. 13 xalı olan “Milan” qrupu lider tamamlayıb.
“Tottenhem” – “Antverpen” matçında 2 qol vurulub. Görüşə daha yaxşı başlayan meydan sahibləri ikinci yarıda hesabı açıblar. 57-ci dəqiqədə Karlos Vinisius fərqlənib. 71-ci dəqiqədə rəqib qapısına yol atapan Covani Lo Çelso mübarizəyə nöqtə qoyub. 2 cavabsız qolla qalib gələn “Tottenhem” qrupu birinci pillədə tamamlayıb.
İngiltərənin digər təmsilçisi “Lester” isə Yunanıstanın AEK klubunu qəbul edib. Hesabı meydan sahiblərindən Cengiz Ündər açıb. Çox keçmədən fərq artıb. Harvi Barns komandanın ikinci və sonuncu qolunun müəllifi olub. Ötən turlarda pley-offa vəsiqəni təmin edən “Lester” qrupu lider bitirib.