UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Son turda Ef qrupunda gərgin mübarizə gedib. “Napoli”, “Real Sosyedad” və “AZ Alkmar” klublarının hər birinin pley-ofa vəsiqə imkanı var idi.

Azarkeşlər UEFA Avropa Liqasının 6-cı turunun F qrupunda gərgin mübarizənin şahidi olublar. Pley-offa vəsiqə məsələsi bu turda həll olunub. “Napoli” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb. Çətin keçən görüşdə tərəflər hərəyə iki qol vurublar. Meydan sahiblərindən Pyotr Zelinski, qonaqlardan Villian Joze fərqlənib. “Napoli” 11 xalla qrupu lider bitirib. “Real Sosyedad” isə 9 xalla ikinci pillənin sahibi kimi pley-ofa vəsiqə qazanıb.

Qrupun digər matçında “Az Alkmar” “Riyeka”nın qonağı olub. Niderland təmsilçisi gözlənilmədən autsayderə uduzub. 2-1 hesabı ilə məğlub olan “AZ ALkmar” pley-ofdan kənarda qalıb.

Azarkeşlərin maraqla gözlədiyi görüşlərdən biri də Almaniyada keçirilib. Ötən turlarda 1/16 finala vəsiqəni təmin edən “Bayer” “Slaviya” ilə qarşılaşıb. Leverkuzendə keçirilən oyunda meydan sahibləri 4 qol vurublar. Leon Beyli dubl etdiyi halda, Musa Diabi və Kərim Bellarabi hərəyə bir dəfə fərqlənib. 4-0.

“Dandolk” –“ Arsenal” matçında isə 6 qol vurulub. Qonaqlardan Edvard Nketia, Mohammed Elneni, Josef Uillok və Folarrin Baloqan qələbədə pay sahibi olub. Meydan sahiblərindən isə Cordan Floreslə Şon Hor fərqlənib. 4-2 hesabı ilə qalib gələn “topçular” ötən turlarda pley-offa vəsiqəni təmin etmişdilər.