Yola saldığımız il koronavirus pandemiyası bütün nüfuzlu idman yarışlarına ciddi zərbə vursa da, “Australian Open” bundan sığortalandı. Hər halda, ilin əvvəlində koronavirus Çin sərhədlərini yeniçə aşmaqda idi. Amma növbəti il Avstraliya Açıq tennis turniri koronavirusdan əziyyət çəkəcək.
Avstraliya Açıq tennis turnirinin başlanma tarixi məlum olub. Avstraliya Tennis İttifaqının prezidenti Kreyq Tayli mətbuata açıqlamasında turnirin planlaşdırılan vaxtdan 3 həftə sonra start götürəcəyini söyləyib. Bu da o deməkdir ki, mövsümün ilk “Böyük Dəbilqə” seriyalı turniri fevralın 8-də başlanacaq. Mətbuata açıqlamasında Tayli bunları söyləyib: “Təqvimi müəyyənləşdirmək üçün çox vaxt sərf etdik. Fikrimcə, “Australian Open”i fevralın 8-dən etibarən keçirə bilərik. Avstraliyaya gələn tennisçilər yanvarın 15-dən iki həftə karantinə alınmalıdır. Biz yarışı təşkil etmək üçün sərt qaydalar tətbiq etməliyik. Karantin müddətini başa vurduqdan sonra tennisçilər istədiyi yerə gedə, hazırlıq oyunları keçirə, hətta azarkeşlər qarşısında çıxış da edə bilər”. SİTATIN SONU
Yeri gəlmişkən, Avstraliya Tennis İttifaqı raketka ustalarının Melburna gəlməsi üçün xüsusi çarter reysləri də təşkil edəcək. 2 həftəlik karantin dövründə isə oyunçular yalnız otellərin kortunda müəyyən vaxt çərçivəsində məşq edə biləcək.