UEFA Çempionlar Liqasının H qrupunda keçirilən “Başakşəhər” – “Leyptsiq” matçında 7 qol vurulub. İstanbul klubunun heyətində adı Avropanın aparıcı komandaları ilə hallanan İrfan Can Kahveci əla təsir bağışlayıb. Amma ilk qolu qonaqlar vurublar. 26-cı dəqiqədə Yusuf Poulsen hesabı açıb. Hissənin sonuna yaxın daha 2 qol olub. Əvvəlcə Nordi Mukuele “Leyptsiq”in üstünlüyünü möhkəmlədib. İlk hissəyə artırılan sonuncu dəqiqədə isə İrfan Can Kahveci cərimə meydançası həndəvərindən qapını dəqiq nişan alıb. Digər 4 qol fasilədən sonra qeydə alınıb. 66-cı dəqiqədə Dani Olmo 3-cü topu “Başakşəhər”in qapısından keçirib. Amma meydan sahiblərinin buna cavablı gecikməyib. İrfan Can Kahveci daha bir gözəl qol vuraraq dubl edib. Son dəqiqələr isə dramatik alınıb. Vaxtın başa çatmasına 5 dəqiqə qalmış cərimə zərbəsini ideal yerinə yetirərək İrfan Can Kahveci “Başahşəhər”in qələbə ümidlərini qoruyub. O, Tuncay Şanlı və Burak Yılmaz və Arda Turandan sonra UEFA Çempionlar liqasında het-trik edən türkiyəli 4-cü futbolçu kimi tarixə düşüb. Amma İrfan Can Kahvecinin parlaq oyunu qalib gəlmək üçün kifayət etməyib. 2-ci hissəyə artırılan 2-ci dəqiqədə futbol həvəskarlarının “Trabzonspor”dan yaxşı tanıdığı Aleksander Sörlot fərqlənərək “Leyptsiq”ə qələbə qazandırıb - 4:3
İlk oyunda səfərdə “Pari Sen Jermen”ə 2:1 hesabilə qalib gələn “Mançester Yunayted” isə öz meydanında rəqibinə uduzub. Görüşdə erkən qol vurulub. 6-cı dəqiqədə Neymar iti bucaq altında topu qapıya ünvanlayaraq Paris klubunu irəli keçirib. Lakin “qırmızı şeytan”lar fasiləyə kimi tarazlığı bərpa ediblər. Markus Reşfordun zərbəsindən sonra Abdu Dialloya da dəyən top qapıya daxil olub. İlk hissə 1:1 hesabilə yekunlaşıb. 2-ci yarıda isə Paris futbolçuları üstünlük qazanıblar. 69-cu dəqiqədə Markinyos qapıçı meydançasında hədəfdən yayınmayıb. 1 dəqiqə sonra meydan sahibləri daha bir uğursuzluğa düçar olublar. Mançester klubunun heyətində Fred meydandan çıxarılıb. Azlıqda qalan komanda sona yaxın daha bir qol buraxıb. Neymar dubl edib. Beləliklə “Pari Sen Jermen” 3:1 hesabilə qələbə qazanıb. Məğlubiyyətə baxmayaraq “Mançester Yunayted” 9 xalla H qrupunda zirvədədir. Eyni miqdarda xal toplasalar da, İngiltərə klubundan top fərqinə görə geri qalan “Pari Sen Jermen” və “Leyptsiq” 2-ci, 3-cü yerlərdədir. 3 xalla sonuncu olan “Başakşəhər” isə avrokuboklarda mübarizəni dayandırıb.