UEFA Çempionlar Liqasının E qrupunda "Çelsi" "Sevilya"nın qonağı olub. Hər 2 komanda pley-ofa vəsiqəni təmin etdiyindən bu qarşılaşma liderlik baxımından mühüm əhəmiyyət kəsb edirdi. "Zadəganlar" səfərdə inamlı qələbəyə seviniblər. Xüsusilə hücumçu Olivye Jirunun parlaq oyunu diqqət çəkib. Fransalı futbolçu matçın qəhrəmanına çevrilib. Məhz o, 8-ci dəqiqədə hesabı açıb. Digər qollar fasilədən sonra vurulub. Jiru 54-cü dəqiqədə özünün və komandasının 2-ci qolunun müəllifi olub. 34 yaşlı hücümçu 74-cü dəqiqədə het-trik edib. Nəhayət qarşılaşmanın yekunlaşmasına 7 dəqiqə qalmış pokerlə fərqlənərək mübarizəyə nöqtə qoyub.Beləliklə "Çelsi" 4:0 hesabilə qalib gəlib.

E qrupunun "Krasnodar" - "Renn" oyununda isə yalnız 1 qol olub. 71-ci dəqiqədə Markus Berq rəqib qapısına yol taparaq UEFA Çempionlar liqasında debüt edən Rusiya klubuna tarixi qələbə qazandırıb. 5 oyundan 13 xal toplayan "Çelsi" E qrupunda liderdir. "Sevilya" 10 xalla 2-cidir. "Krasnodar" 4 xalla 3-cü, yalnız 1 xalı olan "Renn" isə sonuncu - 3-cü sıradadır.

F qrupunda isə "Borussiya" Dortmund "Latsio"nu qəbul edib. Hesabı hissənin sonuna yaxın meydan sahibləri açıblar. Rafael Gereyru əla kombinasiyanı qolla tamamlayıb. Amma Lüsyen Favrın komandası sərfəli hesabı sonadək qoruya bilməyib. 67-ci dəqiqədə Çiro İmmobilə penaltidən tarazlığı bərpa edərək yekun nəticəni müəyyənləşdirib: "Borussiya" Dortmund - "Latsio" 1:1

F qrupunun "Brügge" - "Zenit" görüşündə Belçika klubu asan qələbə qazanıb. Əvvəlcə 33-cü dəqiqədə Şarl De Katelarenin zərbəsi qarşısıalınmaz olub. 58-ci dəqiqədə Vans Hanaken hesabı 2:0 edib. 73-cü dəqiqədə isə Noa Lanqın "Zenit"i növbəti cəzalandıraraq "Brügge"nin 3:0 hesablı qələbəsini təmin edib. F qrupunda "Latsio" ilə oyunda heç-heçə edərək xallarının sayını 10-a çatdıran "Borussiya" Dortmund pley-fa vəsiqə qazanıb. İtaliya klubu isə 9 xalla 2-ci pillədədir. Növbəti mərəhləyə yüksəlmək imkanlarını qoruyan "Brügge" 7 xalla 3-cü, avrokuboklarla vidalaşan "Zenit" isə 1 xalla 4-cü yerdədir.