Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxır. Komandamız qrup mərhələsinin 5-ci turunda İstanbulda "Makkabi Təl-Əviv"i qəbul edəcək. Xatırladaq ki, İsraildə keçirilən ilk oyunda meydan sahiblərinin minimal hesablı qələbəsi qeydə alınmışdı. Ümumiyyətlə, "Qarabağ" ölkə çempionatında lider olsa da, Avropa Liqasında ardıcıl 4 məğlubiyyətdən sonra pley-ofa çıxmaq imkanını əldən verib. Ölkəmizdə tətbiq edilən hərbi vəziyyətə görə "Makkabi Təl-Əviv"lə Türkiyədə keçiriləsi cavab qarşılaşmasından əvvəl isə ciddi itkilər nəzərə çarpır. Millinin düşərgəsində virusa yoluxduğu müəyyənləşən kapitan Maksim Medvedev hələ də Lüksemburqda müalicəsini davam etdirir. Ağdam klubunda baş məşqçi Qurban Qurbanov və hücumçu Mahir Emreli də virusa yoluxub. Qurbanovun yoxluğunda Elçin Rəhmanov "Makkabi Tel Əviv"ə qarşı görüşdə texniki zonada olacaq. O, oyundan əvvəl ənənəvi mətbuat konfransında heyət barədə söz açaraq görüşə hazır olan futbolçuların sayını açıqlayıb:
Maksim Medvedevin yoxluğunda kapitan funksiyasını icra edən Qara Qarayev də uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib: “Hazırda 13-14 sağlam futbolçumuz var. Dua edirik ki, onlar sabah tam hazır olsunlar”.
"Makkabi Tel Əviv"in baş məşqçisi Yorqos Donis isə "Qarabağ"ın gücündən danışaraq mübarizənin gərgin keçəcəyini söyləyib: "Qarabağ"ın xal qazana bilməməsi futbol həvəskarlarını yanıltmamalıdır. Güclü rəqibə qarşı təkrar oyuna çıxacağıq. Onların itkiləri ola bilər, lakin biz arxayınlaşmamalıyıq.Gərgin mübarizə gözləyirəm. Təhlillərimizi aparmışıq. Qələbə qazanaraq pley-ofa yüksəlmək imkanlarımızı bir qədər də artırmaq niyyətindəyik. İnanıram ki, məqsədimizə çatacağıq.
İstanbul şəhərinin "Başakşəhir Fatih Terim" stadionunda keçirilən "Qarabağ" - "Makkabi Tel Əviv" oyunu Bakı vaxtilə saat 21:55-də başlanacaq. Görüşü Robert Henesinin başçılığı ilə irlandiyalı hakimlər briqadası idarə edəcək.