Avropa çempionatının pley-offu yekunlaşıb. Mərhələnin son 4 oyunu keçirilib. Hər görüşün qalibi mötəbər yarışa vəsiqə əldə edib.
A divizionunda Macarıstan yığması islandiyalıları qəbul edib. Oyuna daha yaxşı başlayan qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. Qilfi Siqurdssonun zərbəsi dəqiq olub. Fasiləyə üstün yollanan komanda ikinci yarıda qapısını toxunulmaz saxlamağa çalışsa da, bunu bacarmayıb. Loik Neqo tarazlığı bərpa edib. Çox keçmədən macarlar daha bir qol vurublar. Dominik Soboslay komandasına qələbə qazandırıb. 2:1 hesabı ilə qalib gələn Macarıstan kollektivi Avropa çempionatına vəsiqə qazanıb.
B divizionunda Şimali İrlandiya millisi Slovakiya seçməsini qəbul edib. Heesabı qonaqlar açıblar. 17-ci dəqiqədə Yuray Kuçka fərqlənib. İlk hissədə rəqibilə bacara bilməyən meydan sahibləri son dəqiqələrdə tarazlığı bərpa ediblər. Milan Şkrinyar avtoqol müəllifi olub. Əsas vaxt 1-1 hesabı ilə yekunlaşıb. Əlavə hissələrdə daha dəqiq olan slovakiyalılar Mixal Dürişin qolu ilə qələbə qazanıblar.
C divizionunda keçirilən Serbiya – Şotlandiya matçının da əsas vaxtı heç-heçə olub. Qonaqlardan Rayan Kristinin qoluna, meydan sahiblərindən Luka Yoviç dəqiq zərbə ilə cavab verib: 1-1. Əlavə hissələrdə qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Şotlandiya millisi qalib gələrək Avropa çempionatına vəsiqə əldə edib.
D divizionunda Gürcüstan millisi Şimali Makedoniya seçməsini qəbul edib. Tbilisidə keçirilən görüşün taleyini 1 qol həll edib. Qonaqların 37 yaşlı hücumusu Qoran Pandevin dəqiq zərbəsi komandasını Avropa çempionatına çıxarıb.