Bir müddət əvvəl 60 illik yubileyini qeyd edən Dieqo Armando Maradonanın vətənində xəstəxanaya yerləşdirildiyi ilə bağlı xəbər çoxlarını məyus etmişdi. Futbol əfsanəsi beynindən əməliyyat olunandan sonra evə buraxılıb. Pandemiyaya baxmayaraq onu hospitaldan evə yola salmaq üçün yüzlərlə azarkeş toplaşıb.
Oktyabrın 30-u 60 illik yubileyini qeyd edən futbol əfsanəsi Dieqo Armando Maradona səhhətində yaranan problemlərə görə noyabrın əvvəlində xəstəxanaya yerləşdirilmişdi. Argentinanın Visente Lopes şəhərinin “Olivos” hospitalında beynindən əməliyyat olunan Maradona artıq evə buraxılıb. Futbol əfsanəsinin yüzlərlə fanatı xəstəxana önündə toplaşaraq onu evə yola salıb. Maradona Buenos Ayresin şimalında qızları ilə birgə yaşadığı evində ambulator müalicəsini davam etdirəcək. Hazırda “Ximnasiya”nın baş məşqçisi olan 60 yaşlı mütəxəssisin vəziyyəti ilə bağlı onun vəkili Matias Morla da danışıb: “Şükürlər olsun ki, Maradonanın vəziyyəti yaxşıdır. İndi onun yalnız dəstəyə və sakitliyə ehtiyacı var.
Qeyd edək ki, Maradona subdural hematoma diaqnozu qoyulduğu üçün əməliyyat edilmişdi.