Niderland millisi Amsterdamın “Yohan Kroyff” Arenasında İspaniya futbolçuları ilə qarşılaşıb. İlk hissədə qonaqlar daha üstün olublar. Alvaro Moratanın ötürməsini Serxio Kanales qolla tamamlayıb. Fasilədən sonra təşəbbüsü ələ alan Niderland seçməsi hesabı bərabərləşdirib. Müdafiəçilərdən yayınan Donni van de Bekin zərbəsi qarşısıalınmaz olub. Bu matçda yadda qalan sonuncu epizod olub. Niderland – İspaniya 1:1. Bu qarşılaşma İspaniya millisinin müdafiəçisi Serxio Ramos üçün əlamətdar olub. Futbolçu milli komandadakı 176-cı oyununa çıxaraq italiyalı qolkiper Canluici Buffonun nəticəsini təkrarlayıb. Eyni zamanda o, yığma komandada 184 görüşlə ən çox matça çıxan misirli Əhməd Həsənin nəticəsinə bir qədər də yaxınlaşıb.

Polşa öz meydanında Ukrayna ilə qarşılaşıb. Andrey Şevçenkonun komandasının ilk dəqiqələrdən fərqlənmək şansı olsa da, Andrey Yarmolenka penaltini dəqiq yerinə yetirməyib. Meydan sahiblərindən Kşiştof Pyontek və Yakub Moder fərqlənərək komandalarına qələbə qazandırıblar: Polşa – Ukrayna 2:0.

Eyni hesab Danimarka – İsveç matçında da qeydə alınıb. Hesab 2-ci hissədə açılıb. Yonas Vind fərqlənib. Az sonra Aleksandr Bax yekun nəticəni müəyyənləşdirib

Belçika doğma meydanda İsveçrə milli komandası ilə görüşüb. İlk hissədə qonaqlar üstün olub. Admir Mehmedi ilk qolun müəllifi olub. Amma İkinci hissədə belçikalılar bu qolun əvəzini artıqlaması ilə çıxıblar. Belçikalılar Mişi Batşuayi dublu sayəsində qalib gəliblər: Belçika – İsveçrə 2:1.