Son oyunlarda problemlərinə baxmayaraq uğur qazanan “Qalatasaray” növbəti görüşündə də qalib gəlib. Komanda səfərdə “Sivasspor”un qonağı olub. Ötən mövsümün çempionu “Başakşəhər” isə çətinliklə də olsa “Gənclərbirliyindən üstün olub.
8-ci turda “Qalatasaray” səfərdə “Sivasspor”un qonağı olub. İlk dəqiqələrdən üstünlüyü ələ alan “sarı-qırmızılar” 19-cu dəqiqədə istəklərinə nail olublar. Sofyan Fequlinin ötürməsindən sonra Yunes Belhanda topu qapıdan keçirib. İlk hissədə Sivas təmsilçisinin hesabı bərabərləşdirmək fürsəti olsa da, bundan istifadə edə bilməyib. Faysal Fahrın penalti zərbəsindən sonra qapı dirəyi meydan sahiblərinin fərqlənməsinə mane olub. İkinci hissənin startından 3 dəqiqə sonra fərq artıb. Arda Turan 9 ildən sonra doğma komandadasındakı ilk qolunu vurub. Sonadək “Sivasspor” buraxılan toplardan birinin əvəzini çıxıb. Caner Osmanpaşa fərqlənsə də bu sadəcə təsəlli olub. “Sivasspor” – “Qalatasaray” 1:2.
Ötən mövsümün çempionu “Başakşəhər” isə doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Elə ilk dəqiqədən qonaqlar İstanbul təmsilçisini məyus ediblər. Gözəl hücumun ardından Sefa Yılmaz diqqət mərkəzinə düşüb. İkinci hissədə Mert Nobrenin komandası azlıqda qalıb. Mattias Yohansson birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən istifadə edən “Başakşəhər” futbolçuları 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Fredrik Qulbrandsen fərqlənib. Əlavə olunan vaxtda isə Mehmet Topal qələbə qolunun müəllifi olub. “Başakşəhər” – “Gənclərbirliyi” 2:1.
Hazırda 1 oyun az keçirməsinə baxmayaraq “Alanyaspor” 17 xalla liderdir. 2-ci yerdə qərarlaşan “Fənərbağça” yalnız topların daha yaxşı fərqinə görə geri qalır. 16 xalla “Qalatasaray” üçüncüdür.