Koronavirus pandemiyası bu mövsüm digər turnirlərə ciddi zərbə vurduğu kimi, “MotoGP” yarışlarına mənfi təsir göstərdi. Mövsümün bir neçə Qran-prisi ləğv edildi və ya təxirə salındı. Amma motosiklet yarışları təkcə bu problemdən əziyyət çəkmədi. Mövsümdə qarışıqlığın yaranmasından istifadə edən komandalar da tapılıb.

Beynəlxalq Motosiklet Federasiyası “MotoGP” yarışında qanunsuz mühərriklərdən istifadə etdiyinə görə “Yamaha” komandasını cəzalandırıb. Buna Yaponiya komandasının İspaniya Qran-prisində “MotoGP”nin təsdiqləmədiyi klapanlı mühərriklərdən istifadə etməsi səbəb olub. Nəticədə yarışın Nizam-İntizam Komitəsi komandanı sərt şəkildə cəzalandırıb. Bununla da, “Yamaha” İspaniya Qran-prisində qazandığı 20 xaldan məhrum olub. Bununla yanaşı komanda hesabında yaponların 37 xalı silinib. Bu da hələ son deyil. “Yamaha” Mühəndislər Kubokunda 50 xal itirib. Beləliklə də, bu kateqoriyada komanda ilk sıradakı mövqeyini itirərək 3-cü pilləyə yuvarlanıb. Komanda hesabında isə “Yamaha” yalnız “Suzuki”dən geri qalıb. Buna baxmayaraq, adıçəkilən komandanın pilotları Fabio Kuartararo, Maverik Vinyales və Franko Morbidelli cəzaya məruz qalmayıb. Yəni, pilotların heç birinin xalı silinməyib.