UEFA Avropa Liqasının H qrupunda pley-ofa çıxmağa iddialı “Milan” və “Lill” komandaları qarşılaşıb.
Hər 2 kollektivin indiki mövsümdə məğlub olmaması görüşün prinsipiallığını artıran əsas amillərdən idi. Amma İtaliya klubunun uğurlu seriyası qırılıb. “San Siro”dakı oyun qardaş Türkiyə futbolçusunun benefisinə çevrilib. Yusuf Yazıcı matçın qəhrəmanı olub. O, əvvəlcə 22-ci dəqiqədə “Milan”ın qapısına təyin edilən penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra Yazıcı daha 2 dəfə diqqət mərkəzinə düşüb. 55-ci dəqiqədə türkiyəli futbolçu qarşısıalınmaz zərbə sayəsində dubl edib. Az sonra o, uzaq küncü dəqiq nişan alaraq het-trik müəllifi olub. Qalan vaxtda “Milan” heç təsəlli qolu da vura bilməyib. Beləliklə Yusuf Yazıcının parlaq çıxışı “Lill”in inamlı qələbəsini təmin edib 3:0. Bununla “Milan”ın indiki mövsümdə məğlubiyyətsizlik seriyası qırılıb. “Lill” isə “böyük beşlik” çempionatlarında uduzmayan yeganə komandadır.
H qrupunun digər matçında “Seltik” öz meydanında “Sparta Praqa”ya gözlənilmədən 1:4 hesabilə məğlub olub. Hazırda “Lill” 7 xalla qrup lideridir. 1 xal az toplayan “Milan” 2-cidir. “Sparta” 3 xalla 3-cü, “Seltik” 1 xalla sonuncudur.
İngiltərə klublarından “Arsenal” da 3 xal qazanıb. B qrupunda çıxış edən londonlular “Molde”ni qəbul ediblər. İlk hissədə qarşılıqlı qollar vurulub. 21-ci dəqiqədə qonaqlardan Martin Ellinqsen hesabı açsa da, “topçular” bunun əvəzini artıqlaması ilə çıxıblar. 1-ci hissəyə artırılan ilk dəqiqədə “Molde”nin heyətində Kristofer Haugen avtoqol müəllifi olub. Maraqlıdır ki, Norveç klubu fasilədən sonra da eyni uğursuzluğa məruz qalıb. 62-ci dəqiqədə bu dəfə Şerif Sinyan topu öz qapısından keçirib. Qalan vaxtda isə “Arsenal”ın öz futbolçuları fərqləniblər. Nikolya Pepe 69, vaxtın bitməsinə 2 dəqiqə qalmış isə Co Villok rəqib qapısına yol tapıb. “Arsenal” – “Molde” 4:1. B qrupunun digər oyununda “Rapid Vyana” “Dandol”ka 4:3 hesabilə qalib gəlib. 3 matçdan 9 xal toplayan “Arsenal” B qrupunda zirvədədir. “Molde” 6 xalla 2-ci, “Rapid” 3 xalla 3-cüdür. Hələ ki, xal qazana bilməyən “Dandolk” isə sonuncudur.
İngiltərənin digər komandası “Lester” də inamlı qələbə qazanıb. G qrupunda mübarizə aparan “tülkülər” doğma meydanda “Braqa”nın qapısından 4 cavabsız top keçiriblər. Keleçi İhenaçonun dublu, habelə Denis Pratla Ceyms Meddisonun vurduğu qollar nəticəni müəyyənləşdirib. Qrupun digər oyununda “Zarya” öz meydanında AEK-ə böyük hesabla uduzub 1:4. “Lester” 3 qarşılaşmadan maksimum nəticəylə G qrupunun lideridir. “Braqa” 6 xalla 2-ci sıradadır. AEK 3 xalla 3-cü, xalı olmayan “Zarya” sonuncu – 4-cü yerdədir.