İtaliya A seriyasında 6-cı tur başa çatıb.
3 oyundur qalib gələ bilməyən “Verona” nəhayət azarkeşlərini sevindirib. İvan Yuriçin komandası doğma meydanda debütant “Benevento”nu məğlub edib. Hesab 17-ci dəqiqədə açılıb. Mattia Dzakkanyinin ötürdüyü topu Antonin Barak qapıya vurub. İlk hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra daha 3 qol vurulub. 56-cı dəqiqədə tarazlıq bərpa olunub. Qonaqlardan Canluka Lapadula qapını dəqiq nişan alıb. 7 dəqiqə sonra “Verona” yenidən önə çıxıb. Antonin Barak gözəl qolun müəllifi olaraq dubl edib. 73-cü dəqiqədə “Benevento” daha bir zərbəyə məruz qalıb. Komandanın heyətində Canluka Kaprari meydandan çıxarılıb. Azlıqda qalan qonaqlar 77-ci dəqiqədə daha bir qol buraxıblar. Darko Lazoviç başla fərqlənərək yekun nəticəni müəyyənləşdirib - “Verona” – “Benevento” 3:1.
İvan Yuriçin komandası qələbə sayəsində xallarının sayını 11-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü oyunda uduzan “Benevento” isə 14-cü yerdədir. 6 qarşılaşmadan 16 xal toplayan “Milan” yarış cədvəlinin lideridir. 2 xal az toplayan “Sassuolo” 2-ci yerdədir. “Yuventus” isə 12 xalla ilk 3-lüyü tamamlayır.