UEFA Çempionlar Liqasında mübarizə davam edir. Qrup mərhələsinin 2-ci turu başa çatıb. Əvvəlcə, İ və F qruplarına nəzər salaq. “Çelsi”, “Sevilya” və Dortmund “Borussiya”sı gözlənildiyi kimi qələbə qazanıb.

UEFA Çempionlar Liqasının İ qrupunda 2-ci tur yekunlaşıb. “Krasnodar” doğma meydanda “Çelsi”i qəbul edib. Görüş gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. Fasiləyədək Kallum Hadson Odoy “zadəganlar”ı irəli çıxarıb. İkinci hissədə İngiltərə təmsilçisi daha 3 qol vurub. Timo Verner, Hakim Ziyeş və Kristian Pulişiç fərqlənib. “Krasnodar” – “Çelsi”: 0-4.

Qrupun digər matçında “Sevilya” “Renn”i qəbul edib. Görüşün taleyini 1 qol həll edib. Meydan sahiblərindən Luk de Yonq komandasına qələbə qazandırıb.

F qrupunda isə “Borussiya” “Zenit”i qəbul edib. Dortmund futbolçuları 2 cavabsız qolla qalib gəliblər. Ceydon Sanço və Erlinq Holand qələbədə pay sahibi olub. “Borussiya” – “Zenit”: 2-0.

Qrupun digər oyununda “Brügge” “Latsio” ilə qarşılaşıb. Komandalar hərəyə bir dəfə fərqlənib. Qonaqlardan Xoakin Korreyanın qoluna meydan sahiblərindən Hans Vanaken dəqiq zərbə ilə cavab verib. “Brügge” – “Latsio”: 1-1.