Məşhur “Giro D`İtalia” veloyürüşü başa çatıb. 21 mərhələdən ibarət çoxgünlük mübarizədə böyük britaniyalı idmançı fəxri mükafata sahib çıxıb. Teo Qeyqan Hart karyerasının ən böyük uğurunu əldə edib.

Yürüşün sonuncu – 21-ci mərhələsində velosipedçilər 15,7 km məsafədə fərdi mübarizə aparıblar. Bu turda yerli idmançı ən yaxşı nəticə göstərib. İtaliyalı Filippo Qanna 17 dəqiqə 16 saniyə ilə 1-ci olub. Ondan 32 saniyə geri qalan belçikalı Viktor Kampenarts 2-ci, avstraliyalı Roan Dennis 3-cü yeri tutub. Böyük Britaniyalı Teo Qeyqan Hart ilk 10-luqdan kənarda qalıb. O, 13-cü nəticə göstərib. Amma bu onun ümumi sıralamada liderliyinə təsir etməyib. Beləliklə 21 məhələdən sonra zirvədəki yerini qoruyan 25 yaşlı velosipedçi turnirin qalibi olub. Bu Teo Qeyqan Hartın karyerasında ən böyük uğurdur. Avstraliyalı Cey Hindli 2-ci yeri tutub. İlk 3-lüyü Nideralnd təmsilçisi Vilko Kilderman tamamlayıb. Yarışın əvvəlindən uzun müddət ümumi sıralamaya başçılıq edən portuqaliyalı Joau Almeyda isə yürüşü 4-cü yerdə başa vurub.